Şüurlu Özünəmərhəmət nədir?

Bu yaxınlarda “İnsan: Özünü dərk et!” layihəsi çərçivəsində təşkil olunan “Şüurlu özünəmərhəmət” mövzusunda keçilirlən təlimlərdə iştirak etdim. Düzünü deyim ki bu təlimlərdə iştirak edənə qədər sözügedən mövzu haqqında heç bir anlayışım yox idi. Təlimlərdə iştirak etməyə can atmağımın əsas səbəbi də bu oldu.

Keçək mövzunun açıqlamasına. Nədir Şüurlu Özünəmərhəmət?

Bu ideya ilk dəfə Amerikalı psixoloqlar Kristin Neff və Kristofer Germer tərəfindən irəli sürülmüşdür. Əsas ideyası insanın şüurlu olaraq özünü dərk etməsi və atdığı hər bir addımın mahiyyətini anlamasından, digər insanlara və özünə qarşı göstərdiyi mərhəməti fərqləndirməsindən ibarətdir.

Kristin Neff insanlar arasında keçirdiyi sorğuların nəticəsindən belə qənaətə gəlmişdir ki insanların təxminən 6%-i özünə qarşı mərəhəmətli davranır.

Qəribədir, deyilmi? Başqalarını halına acıyıb, onlara əlimizdən gələn köməyi edirik, sevgi və qayğı göstəririk. Bəs özümüzə qarşı bunları niyə etmirik?

Şüulu özünəmərhəmət konsepsiyasının əsas mövzularından biri də budur: İnsanlarda özünəmərhəmət hissini aşılamaq.

Qeyd edim ki təlimçimiz psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman idi.

Üç günlük təlim müddətində bir çox məqamlara toxunuldu. Eyni zamanda praktik işlər və meditasiyalar etdik. Apardığım qeydlərin bəzilərini burada paylaşıram.

  • Uğursuzluq – bütün insanların təcrübəsidir.
  • İnsanlar özünəmərhəmətlə yaşaya bilmirlər, özlərinə rəhm etmirlər.
  • Şüurluluq – hər an, heç bir mühakimə etmədən özünü dərk etməkdir.
  • Əgər fikirlərimiz narahatlığımızı dəyişməyəcəksə, narahat olmağa dəyməz.
  • İnsan bəzən etdikdən sonra düşünür.
  • İnsan hər gün seçim qarşısındadır.
  • Gülümsəmək və xoşbəxt olmaq vacib deyil, vacib olan özün olmaqdır.
  • Həyat özü çox ciddidir, onunla ciddi olmaq üçün.
  • Bəzən insan düşünür ki biz başqalarının ehtiyaclarını bilirik və onlara kömək edə bilərik.
  • Problemlər sizi narahat edirsə, çox üstünə getməyin. Nə istədiyinizə baxın.
  • Mərhəmət – Başqasının dərdinə şərik çıxıb ona yardım etməkdir.
  • Empatiya – Başqasının dərdinə şərik olmaqdır.
  • Dərd çəkmək humanizmin bir hissəsidir.
  • Mərhəmətlə yazığı gəlmək arasında fərq vardır. Bir insana yazığın gəldikdə ona sadəcə acıyırsan, bu onunla sənin arada bağlılıq yatatmır.
  • Özümüzü tənqid edəndə belə, özümüzə qarşı mehriban olmalıyıq.
  • Beynimiz çox vaxt mənfi şeyləri axtarır.

Təlim boyunca bu kimi bir çox fikirlər səsləndi. Deyilən fikirlərin əsas məqsədi həyatımızda hansı addımı atırıqsa, ilk növbədə özümüzə qarşı mərhəmətli olmalıyıq, hətta özümüzü tənqid etdikdə belə bunu niyə etdiyimizə diqqət etməliyik. Həyatımızda baş verən hadisələri, bu hadisələrdən çıxardığımız nəticələri diqqətlə nəzərdən keçirməli və ən əsası, özümüz olmalıyıq.

Comments

Yorum bırakın