Parlaq zəka, yoxsa Autizm?

Dahi insanların qəribə, vərdişdənkənar davranışları haqqında çox eşidirik, məsələn, deyirlər, İsaak Nyuton (4 yanvar 1643 – 31 mart 1727) evinin qapısında pişiyinin və itinin keçə bilməsindən ötrü hərəsi üçün ayrıca deşik açıbmış. Nikola Tesla (10 iyul 1856 – 7 yanvar 1943) haqqında isə söhbət gəzir ki, o, yediyi yeməklərin inqredientlərini sayarmış, bundan başqa, xəstələnməkdən bərk qorxduğu üçün əllərini həddindən artıq çox yuyarmış. Doğrudanmı, dahiliklə psixi “laxlantılılıq” arasında yaxınlıq var? Dahi insanların gündəlik vərdişlərini incələdikdə onların çoxunun autizmin sindromlarına uyğun gəldiyini görürük. Haqqında autizmli olduğuna dair ən çox dedi-qodu gəzən dahi isə, heç şübhəsiz, Albert Eynşteyndir (14 mart 1879 – 18 aprel 1955). Ona görə də bu yazıda araşdırmağa çalışacağımız əsas məsələ dahi fizikin autizmli olub-olmamasıdır.

Sosial mediada Albert Eynşteyn haqqında ən çox rastımıza çıxan iddia onun 6 yaşına qədər danışmadığı iddiasıdır. Bu və digər vərdişdənkənar xüsusiyyətlərinə görə onu çox zaman autizmli hesab edirlər. Görünür, nədənsə, insanlar dahiləri autizmli, yaxud hansısa psixi sarsıntıdan əziyyət çəkən adamlar kimi göstərməkdən xüsusi zövq alır.

Albert Eynşteyn doğrudanmı autizmli olub?

Bu sualın cavabını bilmək üçün əvvəlcə autizmin nə olduğunu anlamaq, sonra isə dahi fizikin həyatına yaxından bələd olub məlumatları yoxlamaq lazımdır.

Autizm – üç yaşdan əvvəl meydana çıxan və ömür boyu davam edən inkişaf pozuntusudur. Bu pozuntu insanın bütün davranış və hərəkətlərinə, həmçinin, digər insanlarla ünsiyyətinə öz təsirini göstərir. Autizmli insanlar bəzən yüksək intellektə sahib ola bilir. Əsasən, “Asperger” sindromlu insanlarda bu hal tez-tez müşahidə olunur.

Albert Eynşteynin “dərdini” anlamaqdan ötrü həyatına nəzər salarkən görürük ki, o hələ doğularkən başının arxası çox böyük olduğuna görə valideynləri narahat olub, bunun bir problemə işarə olduğunu zənn ediblər, nənəsi isə uşağın sadəcə bir az kök olduğunu düşünüb. Bir neçə həftə sonra uşaq böyüyəndə isə başı elə də qəribə görünməyib.

Lakin üç yaşına qədəm basmağa lap az qalsa da, uşaq danışmırdı. Digər yaşıdları kimi sözləri öyrənirdi, ancaq cümlə qurarkən susurdu. Yalnız üç yaşından, özü də üçüncü ad günündən dərhal sonra danışmağa başladı və uşaqların əksəriyyəti kimi səhv buraxmadan danışdı. Sözlərin düzgün tələffüz olunduğundan əmin olmaq üçün o, cümləni yüksək səslə tələffüz etməzdən əvvəl dodağının altında “mırıldanırdı”, bu isə bəzi uşaqlarda rast gəlinən qəribə bir vərdişdir.

Məktəbdə keçilən dərsləri tez bir zamanda mənimsəyirdi, ona görə də dərslərindən çox yüksək sayılan nəticələr göstərirdi. On bir yaşında ikən artıq kollec səviyyəsində riyaziyyat və fizika oxuyurdu, ancaq yaş qrupu üçün adi oyun fəaliyyətləri ilə, demək olar ki, maraqlanmırdı. Kartlardan mürəkkəb evlər qurması onun yaddaqalan vərdişlərindən idi.

Oxuduğu məktəbin qoyduğu məhdudiyyətlərə baxmayaraq öz “işləri” ilə məşğul olduğundan tələb olunan bir çox şeyə “vaxtı yox idi”. Ona görə də çox keçmədən üsyançı şagird kimi şöhrət qazandı: yetkinlik dövrünə girəndə və İsveçrə Patent idarəsindəki az maaşlı məmur mövqeyindən dövrün fizika ortodoksiyasını sorğulayanda onu azca fərqli yozumda izləyəcəkdi şöhrət.

Zaman və məkan sirlərini araşdıran zehndə Autizm ola bilərdimi?

Albert Eynşteynin müasir dövr üçün əhəmiyyəti danılmazdır. Məsələn, onun 1905-ci ildə nəşr olunan “Hərəkətli cisimlərin elektrodinamikası haqqında” kitabı atom bombasından kosmos səyahətlərinə qədər bir çox sahədə yeniliklər ortaya qoymaqla yanaşı, insanın elmi qavrayışında da yeni üfüqlər yaratdı. Bu kitabla o, şişirtmədən deyə bilərik ki, elm dünyasının gedişatını dəyişdi. Ancaq indi psixoloqları və onunla yaxından maraqlanan insanları bu sual düşündürür: Eynşteyn autistik idimi?

Ən çox istifadə olunan TDA (Tətbiqi Davranış Analizi, ingiliscə – ABA) mütəxəssislərinə yaxşı məlumdur ki, nitqin ləngiməsi, insanlarda Autizm Spektr Pozuntusunun (ASP) əlamətlərindən biridir. Lakin bu, yeganə diaqnostik meyar deyil, Eynşteyn DST-nin (Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimat kitabçasının) 5-ci buraxılışında təsvir olunan 16 mümkün meyarın digərlərini də nümayiş etdirirdi. Nümunə kimi hətta yetkin insan olanda belə öz həyat yoldaşına əməl etməsi üçün ciddi qaydalar (bu qaydalara gündə üç dəfə otağına yemək gətirilməsi, iş otağının və masasının vasvasılıq dərəcəsində təmiz saxlanılması da aid idi) tətbiq etməsini göstərmək olar.

Bu, DST-nin 5-ci buraxılışında müəyyən edilmiş “Eyni qaydada israrlılıq, gündəlik vərdişlərdə dəyişməz bağlılıq və ülgülərin rituallaşdırılması” meyarı ilə çox yaxından səsləşir.

Mühazirəçi olaraq çaşqın və qısa söhbətlərdə çətinlik çəkən Eynşteyn ünsiyyət qurmaqdansa, tənha vaxt keçirməyə, üzməyə və düşünməyə üstünlük verirdi. Evli olmasına və xeyli insanla sosiallaşması üçün kifayət qədər bacarığının olmasına baxmayaraq, digər insanlarla ünsiyyət qurmağı sevmədiyi aydın idi.

Diaqnozun qoyulması mümkün olmasa da, yeni bir araşdırma autizm və dahilik arasında bir əlaqə olduğunu göstərir.

Əlbəttə, yarımçıq qalıntılara və fərziyyələrə əsaslanaraq tarixi şəxsiyyətlərə diaqnoz qoymaq, həqiqətən, mümkün deyil! Autizm mütəxəssisləri Eynşteynin diaqnozu barədə bir neçə qütbə ayrılıb: bir qismi onun Asperger sindromu olduğunu iddia edərkən, digərləri də yüksək funksional autizminin başqa bir forması olduğunu düşünür. Bəziləri isə onun uşaqlığından tibbi əsasla təsdiqlənən heç nəyin qalmadığına, həmçinin, onun yetkin yaşlarında sərgilədiyi bəzi xüsusiyyətlərinin (güclü yumor hissi kimi) autizmli şəxslər üçün müstəsna hal olduğuna diqqət çəkir.

Müasirləri onu sadəcə qəribə bir dahi kimi qəbul edirdilər, lakin o, indiki mütəxəssislər tərəfindən yüngül autizmdən əziyyət çəkdiyi hesab olunan yeganə dahi deyil, sadəcə olaraq onun zamanında Autizm Spektr Pozuntusu hələ geniş miqyasda öyrənilməmişdi. Autizm və dahiliyin arasındaki bağlar “dumanlı” olsa da, ancaq gerçəkdir. “Qəribə” (vərdişdənkənar) və “dahi” sözlərinin kinayəli belə olsa, çox zaman qoşa çəkilməsi bu ikisi arasında köhnə və bəlkə də təməl bir əlaqə olduğuna işarədir. Qrupu müəyyən edən şey beyin quruluşları arasındakı fərqlərdir. Dahi olmaq potensialı daşıyacaq qədər bağlantıları olan beyin eyni zamanda autistik olmağa da uyğundur.

2015-ci ildə Ohayo Dövlət Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma autizmlə dahilik arasında potensial bir xromosom bağlantısını təsdiqlədi. Autizmli uşaqlar çox olan ailələrdə dahi uşaqlar da çox olur. Uyğunluqlar özünü birə-bir doğrultmaya da bilər, lakin tədqiqat Eynşteyn və digər tarixi dahilərin spektrdə ola biləcəyi ehtimalının artdığını göstərir.

Bu araşdırmalar və çıxarılan nəticə günümüzün autizmli uşaqları ilə düzgün rəftarımız üçün tutarlı mayak ola bilər. “Qəribə”, davranışları vərdişdənkənar olan bu uşaqları günahlandırmaqdansa, əksinə, onlara gələcəyimizi qura biləcək potensial dahilər kimi baxa bilərik. Bəlkə də, o uşaqların bizə qəribə gələn davranışlarının arxasında öz xəyal dünyasında gələcəyin böyük kəşflərini bəsləyən parlaq bir zəka var və onlar məhz başqaları kimi olmadıqlarına görə gözəldir!


Posted

in

,

by

Comments

Yorum bırakın