Sosial fobiya nədir?

Tarix və əsas anlayışlar

Sosial fobiya termini ilk dəfə 1903-cü ildə Pier Jane tərəfindən istifadə olunmuşdur. 1970-ci ildə Marks tərəfindən isə klinik sindrom olaraq qeyd edilmişdir. Sosial fobiya, ümumi xüsusiyyətləri etibarilə, insanın cəmiyyət arasında və ya fərdi davranış vəziyyətlərində onu alçaldacaq şəkildə davranmaqdan, yaxud neqativ dəyərləndirilməkdən qorxması kimi başa düşülür. 48 ölkədən olan 8000-ə yaxın insan üzərində aparılmış tədqiqat nəticəsində sosial fobiyanın 13,3%-lik ömürlük və 7,9%-lik bir illik yayılma dərəcəsi aşkar olunmuşdur, bu isə onun major depressiv pozuntu və alkoqol asılılığından sonra ən çox rast gəlinən üçüncü psixiatrik pozuntu olduğunu göstərir.

Daha sonra Almaniyada 14-24 yaşdan olan 3021 insan üzərində aparılan sorğuda qadınların 9.5%-də, kişilərin isə 4.9%-də ortaya çıxdığı müəyyən olunmuşdur.
Sosial fobiya yayğın və spesifik olmaqla 2 yerə ayrılır. Əgər olduğu sosial mühitlərin çoxunda insan təşviş və bununla müşayiət olunan fiziki simptomlar yaşayırsa, bu vəziyyət “yayğın sosial fobiya olaraq” adlandırılır. Əgər insan sadəcə bir və ya bir neçə sosial münasibət vəziyyətində həmin əlamətləri yaşayırsa, bu
vəziyyət “spesifik sosial fobiya” olaraq qiymətləndirilir.

Diaqnostik meyarlar

Sosial fobiyanın diaqnostik meyarları aşağıdakılardır:

  • İnsanların özlərini araşdırıb tənqid də biləcəyi mühitdə olmaq qorxusu olmalıdır;
  • Qorxulan sosial vəziyyətlə qarşılaşdıqda hər zaman vəziyyətə bağlı olaraq təşvişlə nəticələnməlidir;
  • Çəkinmə və funksiya itkisi ortaya çıxmalıdır;
  • İnsan qorxusunun həddindən artıq və məntiqsiz olduğunun fərqindədir;
  • Əlamətlər müəyyən bir tibbi xəstəlik, maddə istifadəsi və ya başqa bir psixiatrik pozuntu ilə açıqlanmamalıdır.

Əlamətlər

Sosial fobiyanın əlamətləri isə bu formada açıqlana bilər:

  • Qorxulan vəziyyətlərdə insanın özünə yönəlik diqqəti artmışdır;
  • Əsasən ürəkdöyünmə, tərləmə, titrəmə, üz qızarması kimi fiziki təşviş əlamətləri də görünür;
  • Tənqidə qarşı həddən artıq həssaslıq, aşağı özünüqiymətləndirmə, sosial münasibət bacarıqlarında çatışmazlıq, təşəbbüs göstərməyə ehtiyac olan vəziyyətlərdə yaşanan çətinliklər.

Başlanğıc

Sosial fobiya adətən uşaq yaşlarından başlayır. 21% hallarda 0-5 yaş arasında əlamətlərin görülməsi müşahidə olunsa da fobiyanın başlanğıc yaşı ilə bağlı araşdırmalar bu problemin əsasən 10-13 yaşlarında təzahür etdiyini göstərir. Bəzi qıcıqlandırıcılar, məsələn, yeni sosial əlaqələr, yaxud işlə bağlı ehtiyaclar (yeni insanlarla tanışlıq, kütlə qarşısında çıxış etmək və s.) bu sindromu qabartmadıqca 25 yaşdan sonra başlanmasının nadir rast gəlindiyi bildirilir. Göründüyü kimi sosial fobiya əsasən yeniyetmələrdə rast gəlinən psixoloji problemdir. Sosial fobiyalı yeniyetmələrin uşaqlıqdan etibarən qayğılı, çəkingən, utancaq olduqları, sosial qorxularının yanında başqa qorxularının da olduğu, “donuqluqlarının” uşaqlıqdan başlayan bir problem olduğu məlumdur. Uşaqlar bu xüsusiyyətləri ilə yeniyetməliyə girdiklərində dost qrupları arasında böyük çətinlik yaşamağa başlayır. Yeniyetməlik dövründə, hər bir halda, bütün uşaqlarda özünədiqqət artmağa başlayır. Özlərinin daha çox fərqindədirlər və ətrafdakı bütün gözlərin öz üzərilərində olduğunu zənn edirlər. Əgər uşaqlıqdan etibarən özgüvənsiz və narahat bir şəxsdirsə, yeniyetməlik dövründə tənqidlərdən yüksək dərəcədə qorxacaq, hər kəsin gözünün onun üstündə olduğunu və ittiham edərək izlədiyini zənn etməyə başlayacaq.

Bu cür yeniyetmələr narahat olur, sıxılır, özünə yer tapmır və bu vəziyyətin fərqində olmaq onu daha da gərginləşdirir. Bu vəziyyətə düşməmək üçün kütləvi yerlərdən uzaq durmağa başlayır. Əgər bu xüsusiyyətləri daşıyan bir yeniyetmə hər hansı sosial mühitdə və yaxud sinifdə dərs danışarkən yoldaşlarının zarafatları və gülüşləri ilə qarşı-qarşıya qalarsa, bundan sonra sosial fobiya xüsusiyyətləri artır və o özünü çətinlikdə hiss etdiyi və ya diqqətin üzərində olduğu bütün vəziyyətlərdən qaçmağa başlayır. Beləliklə, sosial fobiya daha da dərinləşir.

Sosial fobiyalı yeniyetmələrin ümumilikdə sosial bacarıqları az, özgüvənləri isə aşağı olur. Məktəbdəki uğurlarna gəldikdə isə imtahanda həddən artıq çox həyəcanlandıqları və bilik nümayiş etdirmək üçün dərslərə cavab verməkdən çəkindiləri üçün, adətən, göstəriciləri, yəni qiymətləri zəif olur. Bu tip uşaqlar
dərslərdə aktiv iştirak etmir, suallara həvəslə cavab vermirlər. Əsasən, səhv etməkdən, kəkələməkdən, üzlərinin qızarmasından, səslərinin titrəməsindən, həyəcanlı olduqlarının kənardan bilinməsindən çox narahat olur, bu xüsusiyyətləri gözlərində böyüdürlər.

Həyəcanlı olduqlarına dair xüsusiyyətlər ətrafda az bilinsə belə, onlar bu vəziyyətlərinin hər kəs tərəfinən fərq edildiyini düşünür və özlərinin ələ salınacağı qorxusu yaşayırlar. Qorxu onları daha da tutqunlaşdırır, daha çox həyəcanlanmaqlarına və getdikcə bu vəziyyətdən “qaçmaqlarına” səbəb olur. Bu tip qorxuların səviyyəsinin artması bəzi yeniyetmələrin məktəbə getmək istəməməsinə gətirib çıxarır. Yeniyetmə davamlı olaraq utandığı vəziyyətləri düşünür, bunları gözündə böyüdür, yoldaşlarının bütün davranışlarının onu ələ
salmağa, imicini korlamağa yönəldiyini düşünür. Sosial fobiyanın bu formada məktəb fobiyasına çevrilməsi və yeniyetmənin tamamilə məktəbdən uzaqlaşması bu tip davranışların başlıca qayəsini təşkil edir. Ancaq bütün utancaq və çəkingən yeniyetmələri “sosial fobiyalı” adlandırmaq olmaz. Bəzi yeniyetmələr ünsiyyətdə çəkingən olsalar da, zaman keçdikcə rahatlaşır və yoldaşlarına isnişirlər. Bəziləri olduqları mühiti bəyənsələr belə, təşəbbüs göstərməkdən də kənar dururlar. Yalnız güvəndikləri insanlarla dostluqlarını davam etidirirlər. Səhv etməkdən qorxan bu tip yeniyetmələr yavaş-yavaş da olsa, güvən qazanır və özlərini ifadə etmə bacarığı əldə edə bilirlər.

Sosial fobiyalı yeniyetmələrdə isə bu irləliləyiş görünmür, tam əksinə, özlərini təcridetmə davranışı müşahidə olunur. Qorxuları azalmır, artır və özünüinkişaf prosesi geriləyir. Sosial fobiya yeniyetməni bu formada tənhalaşdırıb bacarıqlarını yarasız hala saldığında depressiya özünü göstərməyə başlayır. Depressiya sosial fobiyanın ən ciddi ağırlaşmalarından biridir. Digər sosial fobiya ağırlaşması isə alkoqol asılılığıdır. Çünki bəzi sosial fobiyalı yeniyetmələr aqlkoqolun kütləvi yerlərdə onları rahatlaşdırdığını hiss edərkən bu kimi yerlərdə “stress atmaq” üçün daha çox vaxt keçirdikcə daha yüksək dozada alkoqol qəbul etməyə başlayırlar. Beləcə depressiya və alkohol asılığınının da əlavə olunması ilə sosial fobiya gəncin həyatını və inkişafını ağır formada iflic edən bir problemə çevrilir. Yeniyetməlik dövrü həmyaşıdlar arasında münasibətlərin böyük önəm qazandığı, qarşı cinsə olan diqqətin artdığı və qarşı cinslə münasibətlərin ilk addımlarının atıldığı, həmçinin məktəb dərslərinin, imtahanların çox önəmli olduğu bir dönəmdir. Bu dönəmdə ortaya çıxan sosial fobiya yeniyetmənin inkişafına ciddi zərbə vura bilir.

Bu səbəblə sosial fobiyanın (və ilkin əlamətləri biruzə verən bənzər halların) vaxtında aşkar olunması və yeniyetməyə psixoloji yardımın göstərilməsi çox vacibdir. Sosial fobiyalı yeniyetmələrin bəziləri qorxularının absurd olduğunu bilir, bəziləri isə bilmir. Psixoloqlar belə yeniyetmələrlə işləyərkən qorxularının əsassız olduğunu bilmələri üçün onlara yardımçı olurlar. Qorxuları azaldıqda yeniyetmə daha əvvəl ortya qoymaqdan çox qorxduğu bacarıqlarını nümayiş etdirmək üçün fürsət tapır. Beləliklə, özünə inamı artır və düşdüyü vəziyyətdən qurtulur. Sosial fobiya əlamətləri görülən yeniyetmələrlə bağlı ailələrin ən çox yol verdiyi xəta onu çəkingənliyinə və bacarqsızlığınə görə danlamaq, beləcə, düzələcəyini zənn etməkdir. Nəticə adətən gözlənilənin əksinə olur. Çünki ailənin tənqidləri yeniyetmənin onsuz da az olan özünəinamının azalmasına, özünü daha çox tənqid etməyinə yol açır. Bu vəziyyət hərəkətlərindəki təbiiliyi pozur, yeniyetmənin narahatlığını artırır.

Ailələr nə edə bilər?

Ailənin edə biləcəyi ən yaxşı şey yeniyetməyə öz sosial bacarıqlarını inkişaf etdirə biləcəyi mühit yaratmaqdır. Bu mühit onun özünü daha rahat, daha etibarlı və daha güvənli hiss etdiyi, həmçinin yaxın dost çevrəsi ilə bağını yeniləməsini dəstəkləyən sahələrə yönləndirmə yolu ilə təmin edilə bilər. Məsələn, sosial bacarıqları yetərsiz olan, lakin idmanda özünü sərbəst hiss edən bir yeniyetmə idman sahəsində dəstəkləndiyində bu istiqamətdə qazandığı uğur özgüvəninin artmasına səbəb olacaq və bu da sosial mühitdə daha inamlı davrana bilməsinə kömək edəcəkdir.

Beləliklə, ailələrin utancaq uşaqlarını danlayaraq düzəldə biləcəyi fikrindən mütləq şəkildə uzaqlaşmaları vacibdir. Hər hansı sahədə qapalı olan, çəkinən uşağın özünü daha yaxşı ifadə edə bildiyi bacarıqlarını tapıb aşkara çıxarmaq və uşağa bu istiqamətdə uyğun şərait yaratmaq sosial fobiyalı uşağı olan valideynlər üçün ən optimal yoldur.


Posted

in

by

Comments

“Sosial fobiya nədir?” için bir cevap

  1. muradakifsoy Avatar

    Hər zamankı kimi yenə hər tərəfli yanaşmısan, sükanı belə saxla 👍

    Liked by 1 kişi

Yorum bırakın