İyirmi beş yaşına qədər idman etməmiş, hər cür dava-dalaşın əleyhinə olan, bütün problemlərin danışılaraq həll olunmasının vacibliyini düşünən bir psixoloqu həftənin üç günü məşq zalına qaçmağa nə vadar edə bilər?
Sərhədlərin o tayında
Adətən, hazırda olduğumuz vəziyyət bizim üçün təhlükəsiz və rahat görünür. Cari vəziyyəti dəyişməyə çətinlik çəkirik. Səhər şirin yuxudan ayılmaq istəməyib balınca sarıldığımız kimi. “Komfort zonası” adlandırdığımız bu psixoloji ətalət vəziyyəti bizə qədim atalarımızdan yadigar qalıb. Hələ qədim zamanlarda ətrafda əqrəblərin, ilanların, yırtıcıların qaynaşdığı, qeyri-müəyyənliklərlə dolu vəhşi təbiətdən, ildırımdan, yağışdan, küləktən mağaralara sığınan insanlar üçün, əlbəttə, bu sığınacaq daha təhlükəsiz idi və o “komfort mağarası”nı tərk etmək ölümcül olar bilərdi. Lakin indiki zamanəmizdə vəziyyət elə gətirib ki, o mağaranı, yəni komfort zonasını tərk etməmək daha təhlükəlidir. Sürətlə dəyişən dünyamızda ətalətə boyun əysən, bir də görəcəksən ki, ömür gedib sən qalıbsan…
Bəzən bizə maraqlı olan işləri belə görmək isəyərkən öz komfort zonamızı tərk etmək istəmirik. Bu iradları ən çox özümə qarşı etdiyimdən, günlərin birində bu sərhədləri aşmağa, “komfort mağaram”dan çıxmağa qərar verdim. “İdmana başlayacağam” dedim. Özüm üçün ən çətin görünən şeyə can atırdım, sanki iyirmi beş ildə idmansızlığa öyrəşmiş bədənimi və zehnimi “incitmək” qərarı almışdım ki, mağaramı layiqində tərk edə bilim. Bir müddət əvvəldən “gözaltı” etdiyim idman növünün federasiyası ilə əlaqə saxladım. Qısa dialoqdan sonra məşq prosesinə baxmaq üçün məkana dəvət olundum. Seçdiyim idman növü Real Aykido idi.
Niyə Real Aykido?
Demək olar ki, heç vaxt dava etməmişəm. Elə bir bədən şişirtməklə-zadla da aram yoxdur. İstəyirdim, seçdiyim idman növü başqasına xətər yetirmək yox, özünü müdafiə etmək məqsədi güdsün, həm də içində özünün fəlsəfəsi, psixologiyası olsun. Bir müddət axtarışdan sonra sosial şəbəkələrdə Azərbaycan Real Aykido Federasiyasının səhifəsinə rast gəldim. Bir neçə il öncə bu idman növü haqqında eşitsəm də, hələ yaxından maraqlanmamışdım. Səhifədəki videoları izlədikdən sonra axtardığımı tapmışdım, deyəsən…
Real Aykido nədir? Bir az məlumatlanaq
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Yaradıcısı 10-cu DAN qara kəmər ustası, real aykido və ciu-citsu üzrə akademik, general-polkovnik Lyubomir Vraçareviçdir. O, Yaponiyanın ən öndə gedən ustadlarından aldığı davamlı təkmilləşdirilmiş bilikləri sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən qazandığı təcrübə əsasında yeni texnikalar icad edərək öz aykido stilini – Real Aykidonu yaratmışdır.
Real Aykido texnikalarının kombinasiyası onun konkret və ekstremal vəziyyətlərdə maksimum effektiv olmasını təmin edir. Bu döyüş sənəti ilə məşğul olmaq üçün yaş və cins məhdudiyyəti yoxdur. Bu xüsusiyyət yaşlıların, gənclərin və o cümlədən, azyaşlı uşaqların da Real Aykido ilə məşğul olmasına imkan verir. Uşaqlar üçün Real Aykido akademik L. Vraçareviç tərəfindən yaradılmış xüsusi metodiki proqramla tədris edilir.
Real Aykido mühafizəçilər, polis işçiləri, xüsusi təyinatlı dəstələr üçün də olduqca effektivdir.
Bunun nəticəsidir ki, L. Vraçareviç Liviya, Bosniya və Herseqovina, Sloveniya, Makedoniya, Zimbabve, Qazaxıstan, Rusiya prezidentlərinin cangüdənlərini və mühafizəçilərini, bundan başqa, Rusiyanın “Alfa” və “Kobra” təşkilatlarının əməkdaşlarını, xüsusi təyinatlı polis dəstələrini hazırlamışdır.
Kimlər məşğul ola bilər?
Bu idman növü ilə məşğul olmaq üçün hər hansı yaş, çəki və cins məhdudiyyəti yoxdur. Arzu edən hər kəs məşğul ola bilər. Zaldakı idmançıların az qala yarısının xanımların təşkil etməsini isə vurğulamasam olmaz. İdman hər kəs üçündür.
Psixoloq konslagerdə
İlk məşqələdə çox çətinlik çəkirdim. Bunu görən müəllimimiz – Azərbaycan Real Aykido Federasiyasının Prezidenti, 5-ci DAN Qara kəmər ustası Fariz Abdullayev mənə “Viktor Franklın “Psixoloq konslagerdə” əsərini oxumusan?” sualını verməsi, mənim yorğun vəziyyətdə “bəli oxumuşam” cavabımdan sonra gülümsəyib məşqi daha sürətli davam etdirməyimizi istədi.
Nələr öyrənmişəm və nələri müşahidə etmişəm?
İdmanın, növündən asılı olmayaraq, bir həyat tərzi olduğunu və bunun fonunda beyinlə bədənin ayrılmaz vəhdət təşkil etdiyini, bacarmadığın bir şeyi etməyin mütləq bir yolu olduğunu, əlində olan gücün fərqində olmağı və onu düzgün istifadə etməyi, nə qədər yorğun, halsız olsam da, məşq etməyə cəhd etməyi, əlçatmaz görünən şeylərin əslində bizim iradəmiz qarşısında zəif olduğunu görmək… Hərbi xidmətdən qayıtdıqdan sonra ilk dəfədir rejim, disiplin, qərarlılıq, komanda işi, bacarmadığın bir texnikanı etdiyində yoldaşının sənə “davam et alınacaq” deməsini eşitmək… İşdən yorğun vəziyyətdə gəldiyin məkandan məşqdən sonra özünü sərbəst, daha güclü, daha əzmli, daha bacarıqlı, daha rahat getmək. Bəzi hisslər var ki, onları yazmaqla izah etmək olmur, onları birbaşa hiss etmək gərəkdir. İdman mənim üçün budur.
Motivasiyanın demotivasiya ilə mübarizəsi
“Komfort zonası”nı tərk etməyimiz, əlbəttə, ətrafdakı insanları da narahat edir. Bəziləri sənə görə narahat olur, bəziləri də özləri tərk edə bilmədiyi üçün sənin əməlini bir şəkildə qınamağa, bununla da öz ətalətinə psixoloji olaraq haqq qazandırmağa çalışır.
“Ay bala işin-gücün yoxdu?” “Gedib yıxılıb əzilərsən, qolun-qıçın sınar”. “Vurub bir yerini əzərlar qalarsan belə”. “Sənə bu yaşında idman lazımdı?” “O nə idmandı e məşğul olursan?” “Qaqa, hamısı boş şeydi e…” “İndi sən hamını döyə bilərsən də, hə?” “İdmançı olub neyniyəssən?” Nəyinə lazımdır, əə?..” və s. və i. a. Bunlar və daha betərlərini eşitməyə hazır olmaq lazımdır.
Bütün bu sual və iradların qabağında necə dayanacağıq?
Bilmək lazımdır ki, bu yolda irəli atdığımız hər addım bütün bu tip cümlələrdən və iradlardan daha böyükdür. Nəzərə alaq ki, idman ilk növbədə bizim sağlamlığımız, öz bədənimizin imkanlarını yaxından tanımaq üçün lazımdır. İdmana başlamaq çətindirmi? Orta yaşdan idman etəmədiyinə görə yaranma riski qatbaqat artan ürək qüsuru hipertaniya ilə ömrün sonuna qədər dərman ataraq xəstə halda yaşamaqdan çətin deyil. Zədələr ola bilərmi? Hər hansı bir küçə davasında ala biləcəyimiz zədə, məşqdə ala biləcəyimiz zədələrdən qat-qat çoxdur. Dəfələrlə!
İdmanla bağlı sərhəddi aşmaq mənim üçün çox çətin olsa da, indi bunu etdiyim üçün çox məmnunam. Həyatımda verdiyim ən yaxşı qərarlardan biri hesab edirəm bunu.
Açıq havada məşq
Bir neçə gün öncə Heydər Əliyev Mərkəzində açıq havada seminarımız baş tutdu. Baş məşqçimiz Fariz Abdullayevin seminardan bir neçə dəqiqə öncə çox həyəcanlı olduğunu sezdim. Məşq başladı. Yüzə yaxın idmançının qatıldığı məşq çox gözəl və rahat keçdi. Məşqdən bir gün öncə Şahdağ Milli Parkında gəzintiyə getmişdim, bunun məni çox yoracağını düşünsəm də, fikir vermədim. Nə qədər yorğun olsam da, idmanı sevməyən adam artıq sərhədlərini çoxdan aşmışdı. Artıq əvvəlki “komfort mağarasında” olmadığım üçün özümü daha təhlükəsiz və daha inamlı hiss edirəm.








Yorum bırakın