Corc Orvell – 1984

Bir il öncə oxuduğum “Heyvanıstan” povestindən sonra “1984” romanını da bu günlərdə oxuyub bitirdim. Sanki SSRİ haqqında bir roman oxudum desəm, yalan olmaz.

Hər şeyin qaydasında olduğu, insanların xoşbəxt yaşadığı “Okeaniya” adlı xəyali dövlətdə 1984-cü ildə cərayən edən hadisələr təsvir edilir. Amma kitabın dərinliklərinə getdikcə bu sual ətrafında düşünürük: bu ölkənin insanları həqiqətən xoşbəxtdirmi?

Əsərin baş qəhramanı Vinstonun simasında biz bu xəyali dünyanın ilkin təsvirləri ilə tanış oluruq. Teleekran adlanan qurğunun insanları anbaan nəzarət altında saxladığını, hər şeyin, hətta insan həyatının belə partiyaya məxsus olduğunu görürük. Tarix deyilən şey də sadəcə partiyanın dediklərindən ibarətdir.

Əsərdəki xəyali dünyada Okeaniya ilə yanaşı “Avrasiya” və “İstasiya” dövlətləri də mövcuddur. Okeyaniya dövləti hər zaman bu dövlətlərdən biri ilə müharibə aparır. Amma hansı ilə?

Əsas məsələ də bundadır. Tarix və gündəm partiyanın siyasətinə uyğun olaraq dəyişdirilir. Necə? Çox sadə. Okeaniyada 4 nazirlik mövcuddur. “Sevgi Nazirliyi” (nifrətlə məşğuldur), “Həqiqət Nazirliyi” (həqiqəti saxtalaşdırmaqla məşğuldur), “Rifah Nazirliyi” (insanlara ayrılan normaları azaltmaqla məşğuldur) və “Sülh Nazirliyi” (müharibə ilə məşğuldur).

Ölkəni idarə edən sadəcə bir partiya var ki, onun da rəhbəri “Böyük Qardaş” adlanır. Heç kim onu şəxsən görməyib və tanımır. Ancaq o, hər yerdədir: bütün kitablarda, plakatlarda küçələrdə, hətta evlərdə. “Böyük Qardaş Sənə Baxır” – kitabda dəfələrlə rast gəlinən cümlədir.

Ölkədə hər şey partiyanın siyasətini müdafiə etmək üçün qurulub: İKİFİKİRLİLİK siyasəti əsasında partiyaya qarşı olan bütün əsasları arada qaldırmaq, “YENİ DİL” adlanan məfhumla insanların söz bazasını azaltmaq, onları fikirlərindən məhrum etməklə dövlətin varlığını saxlamaqdır.

Ölkədə ən böyük cinəyət isə “Fikir Cinayətidir”. Partiyanın siyasəti əleyhinə düşünən hər bir kəs “Fikir Polisi” tərəfindən aşkar olunaraq məhv edilir, kitabın diliylə desək, “buxara çevrilir”. Onun haqqında olan məlumatlar hər yerdən silinir. Heç kim bir daha onu xatırlamır.

Bu hadisələr mənə SSRİ-nin 1937-1952-ci illəri əhatə edən “Repressiya dönəmini” xatırlatdı. Ümumiyyətlə kitabın SSRİ-də qadağan olunması heç də təəccüblü deyil. Axı bu onların “əsrarəngiz” ölkəsi üçün açıq-aşkar təhdid idi.

Əsər sosialist cəmiyyətdəki təbəqələşməni bütün incəliklərinə qədər göstərir. Ölkənin ən yüksət təbəqəsi “Daxili partiya” ən aşağı təbəqəsi isə “Prollardır”. Prollar ölkənin azad hesab edilən təbəqəsidir. Onların heç bir öhdəliyi yoxdur. Çünki onlar kütlə idarəçiləri tərəfindən çoxdan “zərərsizləşdirilib”, onlar heç nəyi xatırlamırlar, onlar üçün yalnız BU GÜN mövcuddur. Prollar üsyan və etiraz edə bilmirlər. Fikir Polisi onların arasında dolaşır və etiraz potensialı ola biləcək kəsləri aşkarlayaraq məhv edir. Bir sözlə Prollar – AZAD ÖLÜLƏRDİR.

Baş qəhraman Vinston “Həqiqət Nazirliyi”nin sənədləşmə departamentində çalışır. O ona göndərilən sənədlərdəki tarixləri, yazıları, hətta şəkilləri dəyişməklə məşğuldur. Qalan hər şey – partiyanın siyasəti əleyhinə ola biləcək bütün sənəd və sübutlar məhv edilir.

Vinston gündəlik yazmağa başlayır (bu qəti qadağandır). Bunun həyatı bahasına başa gələcəyini, Fikir Polisi tərəfindən həbs olunaraq, Sevgi Nazirliyində işgəncələrə məruz qalacağını bilsə də, bunu edir. Yaşadığı cəmiyyətdə partiyanın insanları necə aldatdığını, onları necə məhv etdiyini görür və xatırlamağa çalışır. Keçmişi yada salmağa çalışır. Keçmiş isə partiyanın əlində saxtalaşdırılır. Bəzi məlumatları öyrənmək üçün Prolların arasında özünə həmsöhbət axtarır. Amma prollar heç nəyi xatırlamır, onlar sadəcə “mövcuddurlar”.

Vinston işlədiyi nazirlikdə tanış olduğu Culiya adlı qızla görüşür, onunla birlikdə partiyaya qarşı mübarizə aparmağa başlayır. Onlar azad olmaq, sərbəst yaşamaq istəyir. Bu isə çox təhlükəli cinayətdir…

Əsər ümumilikdə üç hissədən ibarətdir. Birinci hissədə Uninstonun həyat tərzi ilə tanış oluruq. İkinci hissədə Culiya ilə birlikdə mübarizə yolları axtarışının, üçünçü hissədə isə bu mübarizənin nəticələrinin şahidi oluruq. Eləcə də onların bu mübarizədə nə qazanıb, nə itirdiklərini görürük.

Kitabı oxuyarkən fransız sosioloq və psixoloqu Qustav Le Bonun “Kütlə psixologiyası” haqqında yazdıqlarını – kütlə idarəçilərinin “xainlər”i asmaqla kütləyə göstərdikləri “tamaşalar”ı, onları maddi və mənəvi nemətlərdən məhrum edərək kölələşdirmək, kütləvi savadsızlaşdırma ilə onların düşünmək qabiliyyətini əllərindən almaq və onlara “rifah” içində yaşadıqlarını, “azad” olduqlarını təlqin etmək prinsiplərini xatırlayırdım.

MÜHARİBƏ – SÜLHDÜR

AZADLIQ – KÖLƏLİKDİR

CƏHALƏT – QÜVVƏDİR

Ən böyük silah – FİKİRDİR. Əsərdəki partiyanın qorxduğu da budur. Olnar bilirlər ki, insanlar savadlansa, hər şeyi sorğulamağa başlasalar, partiyanın siyasəti fiaskoya uğrayacaq. Qurduqları o “dünya” məhvə məhkum olacaq.

Əsərin verdiyi mesajlar çoxdur. Ən başlıcası isə güc artdıqca zülmün, şöhrətpərəstliyin çoxalması, insan həyatının isə sıfıra bərabər olmasıdır. Burada sosializm tənqid hədəfinə çevrilsə də, müasir dünyamızda kapitalizmin də əsl “üzünü” göstərdiyinin dəfələrlə şahidi olmamışıqmı?

Fərdləri düşünməyən cəmiyyət məhvə məhkumdur. Əgər bu günün özündə də biz oxumağa, maariflənməyə, sorğulamağa can atmasaq, yeni şeylər öyrənməsək, özümüzü inkişaf etditməsək, gələcək nəsillərə nə ötürəcəyik? 70 ilə yaxın sosializmin yalanları ilə böyümüş valideynlərin övladları olaraq, bu gün biz nə qazanmışıq?

Bir cəmiyyətin inkişafı, orada yaşayan insaların savadlı və bacarıqlı olmasından, onların öz biliklərini düzgün istiqamətdə istifadə etməsindən, öz bildiklərini başqaları ilə paylaşmasından da asılıdır…


Posted

in

,

by

Comments

“Corc Orvell – 1984” için bir cevap

  1. muradakifsoy Avatar

    Çox qəşəng analiz etmisən, ardı gəlsin inşallah 💚

    Liked by 2 people

muradakifsoy için bir cevap yazın Cevabı iptal et