Noam Şpenser – Yaxşı psixoloq

2016-cı il idi, gələcəyin yaxşı psixoloqu olmaq arzusu ilə yatıb, ümidi ilə oyanan tələbə olduğum vaxtlarda Noam Şpenserin “Yaxşı psixoloq” kitabını oxumuşdum və islaholunmaz kitab paxılı olmağıma baxmayaraq bu kitabı əlim çatan hamıya vermişdim ki, oxusunlar. O qədər xoş təəssürat yaratmışdı məndə. Tələbə yoldaşlarım da yaxşı psixoloq olsun deyə bu kitabı onlara şiddətlə tövsiyə edirdim. Bu yaxınlarda düşündüm ki, cari rəqabətdə bir addım qabaqda olmaq üçün oxunmalı çoxlu kitablardan biri də budur və götürüb təkrar oxudum.

Biz bu kitabda dünyaya bir psixoloqun pəncərəsindən baxır, onun dünyagörüşü, fəaliyyəti ilə yaxından tanış oluruq. Adı qeyd olunmayan baş qəhrəmanın günü pasientlərlə konsultasiyalarda və universitetdə dərs deməklə keçir. Şəxsi həyatı, demək olar ki, olmayan qəhrəmanımız olduqca sadə həyat yaşayır. Bunun “niyə”si və “nə əcəb”i kitabda əhatəli şəkildə izah olunur, ancaq mən bu yazıda daha çox “ideal psixoloq” obrazına diqqət çəkmək istəyirəm.

Kitab bizə psixoloqun öz şəxsi düşüncələri ilə gördüyü iş arasındakı bağlardan, oxşarlıq və ziddiyyətlərdən o qədər zövqlə və ustalıqla bəhs edir ki, sən kitabı oxuduqca təkcə bir psixoloqun yaşadığı təlatümləri yox, həm də, demək olar ki, psixologiya elmini öyrənirsən. Məsələn, empatiya qurduğun bu baş qəhrəmanın yanına gələn “pis” pasiyent ucbatından iş qrafikinin pozulmasına görə onunla birlikdə narahatlıq keçirməklə yanaşı, həm də pasientlə apardığı konsultasiyadan maraqlı və fundamental məsələləri kəşf edirsən.

Kitab psixoloqun gördüyü iş və daxili aləmində baş verənlərə çox parlaq işıq tutur və sən bu işin pərdə arxasını, qəribə tərəflərini, cazibədar və çətin cəhətlərini aydın görürsən. Ümumilikdə, bu kitab psixoloji xidmət haqqında insanlarda formalaşmış yanlış təsəvvürləri aradan qaldırmaq üçün, deyərdim ki, əvəzsiz mənbədir.

Bu kitabdan təkcə psixoloq olmaq istəyən, yaxud bu sahə ilə maraqlanan şəxslər yox, həmçinin, narahatlığı olub, ancaq psixoloqa getməyə ürək eləməyən, ümumi psixoloji xidmətə dırnaq arası baxan və nəhayət, bu sahə haqqında daha aydın təsəvvürə sahib olmaq istəyən hər kəs faydalana bilər.

Bunu deməliyəm ki, bu əsər “köpük ədəbiyyat” nümunələrindən fərqli olaraq hər şeyi “horra” edib boğazımıza tökmür, əksinə, bizi düşünməyə, sorğulamağa vadar edir. Bəzən istəməsən də, həqiqətlə üzləşməli olursan və elə bilirəm ki, bu bizim sahə üçün çox vacib məqamdır.

Müəllif Noam Şpenser “Yaxşı psixoloq” əsərində psixoloqun işi ilə şəxsi həyatı arasındakı oxşar və fərqli cəhətləri çox incə detallarla göstərərək insanların beynində daşlaşmış psixoloq obrazına fərqli prizmadan baxmağa sövq edir və bununla da kənardan görünənlə daxildə olan arasındakı ziddiyyətlər üzə çıxır.

Kitabın yaxşı cəhətlərindən danışmaqla bitirmək olmaz, ancaq oxuyub bitirmək çətin deyil, hər birinizə şiddətlə tövsiyə edirəm. Kitabı oxuduqdan sonra fikirlərinizi mənimlə də bölüşsəniz, minnətdar olaram. Hətta birlikdə müzakirələr də apara bilərik.

Xoş mütaliələr.


Posted

in

,

by

Comments

“Noam Şpenser – Yaxşı psixoloq” için 2 cevap

  1. Vüsal Aydın Avatar

    Diqqət çəkən kitabdır. Oxumaq istərdim.

    Beğen

  2. muradakifsoy Avatar

    Çox net, detallı, aydın və obyektiv yazmısan yenə. Tipik Ramid işi. Əlasan. Hər həftə oxumaq istəyirəm belə yazılardan

    Liked by 1 kişi

Yorum bırakın

WordPress.com’da Blog Oluşturun.