Məhkum, edam, azadlıq…

Viktor Hüqonun “Edama məhkumun son günü” əsərini oxuyub bitirdim.

Adətən, klassik ədəbiyyat dahilərinin iri həcmli əsərlərini oxumazdan əvvəl daha kiçik həcmli əsərlərilə “tanış oluram”. Bu mənə yazıçının dəst xəttini anlamaqda, onun üslubunu, dünyagörüşünü tanımaqda çox kömək olur. Bir növ “yazıçı ilə ilkin tanışlıq” kimi.

Əsər edama məhkum olunan bir şəxsin öz həyatını danışması ilə başlayır. Demək olar ki, dialoqa çox az rast gəlinən əsərdə biz əsasən baş qəhrəmanın fikirlərini oxuyuruq.

Əsər boyunca baş qəhrəman elə hey danışır, bir mövzudan digərinə adlayır, öz daxili dünyası ilə bizə nəyisə izah etməyə çalışır. “Bu insan bizə nə demək istəyir? Günahı nədir? Hansı səbəbdən edama məhkum olunub? Edam cəzası ləğv olunacaqmı?” – kimi sualları düşünməyə “məcbur” olursan.

Bütün bu sualların fonunda biz məhkumun “günahını” axtarmağa fokuslana, yaxud həbsxana hücrəsinin divarlarındakı yazılarla tanış ola bilərik.

Biz onunla birlikdə ölümü gözləyə, yaxud xilas olmaq üçün məhkəmədə özümüzü müdafiə edəcək dəlillər axtara bilərik. Sanki sonumuzu özümüz müəyyən edirik. Bəlkə də, elədir. Biz öz yaşayışımızla öz sonumuzu bəlli edirik. Edama məhkum olaraq ölümü gözləmək, yoxsa azadlıq üçün can atmaq?..

Əsərin verdiyi ismarış (mesaj) çox böyük və şaxəlidir. Hansı mövqedən baxdığından asılı olaraq, xeyli fikir və arqument tapmaq olur. Kitabın həcmi kiçik olsa da, əsərin ağırlığı kifayət qədərdir. Oxuyarkən bir anlıq özünü edama məhkum olunmuş hiss edirsən. “Xilas olmaq üçün nə edə bilərəm? Günahım nədir? Saat dörddə nə baş verəcək?” – kimi suallar səni narahat edir.

Yaşadığın müddətdə düşünmək və nələrisə dəyişmək şansının olduğunu sənə dəfələrlə göstərəcək bu əsərin sonunun necə bitdiyini burada yazmayacağam. Oxu, gəl birlikdə müzakirə edək. 🙂


Posted

in

,

by

Comments

Yorum bırakın

WordPress.com’da Blog Oluşturun.