İnsanın Məna Axtarışı – Viktor Emil Frankl

Tələbə idim. Sonuncu kurs. Məna axtarışının qığılcamlanmağa başladığı vaxtlar. Universiteti bitirib iş həyatına atılacaqdım. “Görəsən, yaşadığımız həyatın mənası varmı?” sualının məngənəsində yeni həyata, özü də mənasının olub-olmadığını bilmədiyim həyata atılmağın təlaşı vardı içimdə. Bu sualım məni o kitaba apardı, yoxsa kitab özümü gəldi məni düz vaxtında tapdı, bilmirəm, hər halda mən məna axtarışı barədə yazılmış ən sanballı əsərlərdən biri sayılan Viktor Franklın “İnsanın məna axtarışı” kitabını məhz həmin dönəmdə oxudum. Elə ilk səhifələrdəcə beynimdə belə bir işıq yandı: “Bir kitab bu qədər mənalı ola bilirsə, həyat niyə mənasız olsun?”

Viktor E. Frankl nasistlər tərəfindən əsir düşərgəsinə salınanda hələ İkinci Dünya Müharibəsi davam edirdi. Milli mənsubiyyətinə görə nasistlərin “kriteriyalarına uyğun gəlməyən”lər, eləcə də müharibə əsirləri müxtəlif düşərgələrə aparılıb müəyyən işgəncələrə məruz qalırdı. Bu düşərgələrdə əsirləri acından ölməyəcəyi qədər yemək və su qarşılığında müxtəlif ağır işlərə məcbur edirdilər. Ölənləri isə digər əsirlərə dəfn etdirir və ya krematoriyalarda yandırırdılar.

Bura qədər məsələnin məğzinə giriş etməyim məncə kifayət edər. Keçək mətləbə.

Auşvitz (Auschwitz)bu söz və ya toponim bir çoxları üçün bir məna kəsb etməsə də, buraya gələnlərin həyatdan zövq almaq, ümumiyyətlə məna axtarmaq kimi  bir şansları belə yox idi. Çünki üstünə “Arbeit macht frei” (işləmək azadlaşdırır) yazılmış darvazadan içəri keçməzdən hələ çox əvvəl yük vaqonlarında əşya kimi daşınılan insanların üz-gözlərindəki məna çoxdan sönmüş olurdu. O ki qaldı həyatı sorğulayıb onda məna axtarmaq. Kimin ağlına belə bir şey gələ bilərdi?

Sən saydığını say…

Doktor Franklın ağlına gəlibmiş. Düşərgəyə gətirildiyi gündən insanlar haqqında öyrəndiyi hər şeyi sorğulamağa başlayır, yenidən öyrənir bəzi şeyləri. Doktorun həyat yoldaşını isə başqa bir düşərgəyə göndərirlər daha sonralar. Bir-birilərinin sağ olub-olmamasından belə xəbərləri olmadan, sadəcə sevgi hissini yaşadaraq sağ qalmaq üçün çalışırlar. Dr. Frankl həyat yoldaşının öldüyünü hələ əsirlikdən azad olanda biləcəkdi. Bununla belə bütün çəkdiyi ağrılara, əzablara rəğmən, həyatda qalmağa çalışırdı. Bütün bu əzabları fiziki olaraq sonlandıra bilərdimi? Bilərdi. Ölüm düşərgəsində ölümlə qucaqlaşmaqdan daha asan nə tapmaq olar? Məsələ ölüm düşərgəsinin tikanlı məftillərinin, hündür qırmızı kərpicli hasarlarının, əli silahlı keşikçilərin gecə-gündüz növbə çəkdiyi projektorlu qüllələrin o tayında dayanan həyatın, azadlığın nəfəsinə belə toxuna bilmək üçün bir səbəb tapmaq idi. Bir arzu, bir eşq…

Həyatın mənası nədir və ya nədədir?

Hər kəsin bu suala verəcəyi özünəməxsus bir cavabı var. Hər birinin də doğruluq payı var. Yaxşı bəs Dr. Frankl buna cavab verə bildimi?

İkinci Dünya Müharibəsinin sonlarına yaxın artıq nasistilər düşərgələri sözün həqiqi mənasında başlı-başına buraxıb qaçırdılar. Auşvitzdə – ölüm düşərgəsində artıq həyat görünürdü. Dr. Frankl xilas olmuşdu. Azadlığına qovuşanda heç bir yaxını sağ qalmamışdı. Sevgisi uğrunda yaşadığı həyat yoldaşı da artıq yox idi. Nə etməli?

Ömrünün sonuna qədər həyatda məna tapa bilməyən insanların içindəki qığılcımlarını üzə çıxarmaqda onlara dəstək oldu, intihar həddində olanlara həyatı sevdirdi. Yaşadı, yaşatdı. Doxsan iki yaşında vəfat etdi.

Yer üzündəki cəhənnəmdə belə məna axtarmaq qabiliyyətini qoruyan insanların çətinliklərlə daha uğurlu mübarizə apardıqlarını Auşvitzdə müşahidə edən Dr. Frankl həyatın mənasını iş görmək (yaradıcılıq), sevdiklərimizlə qurduğumuz əlaqələr və çətinliklər qarşısında göstərdiyimiz dəyanət üçbucağında görür. Hər vəziyyətdə məqsəd və məna tapmağın yaşam gücünü artırdığını müdafiə edir kitabında.

Əsasını qoyduğu “Loqoterapiya” (psixoterapiya üsullarından biri) bu gün də onun yolunu getməkdə, sevginin, fərqindəliyin, həyatda məna axtarmaq üçün var olmağın, var olduqca dəyişmək, yenidən formalaşmaq, inkişaf etmək, özünü kəşf etməyin vacibliyini vurğulamaqdadır…

Comments

Yorum bırakın

WordPress.com’da Blog Oluşturun.